Kosmosda Süni İntellekt: Google və SpaceX-in 100 Dəfə Baha Qumarı
Google rəhbəri kosmik məlumat mərkəzlərinin Yerdəkindən 100 dəfə baha ola biləcəyini açıqladı. SpaceX-in peyk planları və AI sınaqları böyük sual altındadır.
Son yenilənmə: 2 dəq oxu

Süni intellekt (AI) texnologiyalarının sürətli inkişafı və böyük məlumat bazalarının hesablanması dünya miqyasında nəhəng enerji böhranı yaradıb. Yerdəki məlumat mərkəzlərinin (Data Center) həddindən artıq elektrik enerjisi mənimsəməsi, bürokratik icazələr və yerli əhalinin etirazları texnologiya nəhənglərini ağlasığmaz bir ideyaya yönəldib: Məlumat mərkəzlərini kosmosa daşımaq.
Lakin bu iddialı addım göründüyü qədər asan və ucuz başa gəlməyəcək.

Yerdəkindən 100 Dəfə Baha...
"Google"un məlumat mərkəzləri üzrə enerji rəhbəri Amanda Peterson Corio texnologiya dünyasını silkələyən bir açıqlama verərək bildirib ki, orbitdə kosmik məlumat mərkəzi qurmaq Yerdəki analoqlarından 100 dəfə bahaya başa gələ bilər. Corionun fikrincə, şirkətlər kosmosa üz tutmazdan əvvəl quruda olan bütün alternativləri və imkanları axıra qədər sınamalıdırlar.
Bu bəyanat hətta "Google"un özünün orbitdə süni intellekt çiplərini ilk dəfə uğurla sınaqdan keçirdiyi bir vaxta təsadüf edib. Şirkətin "Project Suncatcher" adlandırılan təcrübə layihəsi oktyabrın 1-də "SpaceX" raket-daşıyıcısı vasitəsilə kosmosa çıxarılıb. Orbitdəki peykdə yerləşdirilən "Gemma 4" AI modeli, xüsusi TPU çipi vasitəsilə kosmos haqqında qısa bir şeir (hayku) tərtib edərək Yerdəki Svalbard (Norveç) stansiyasına göndərib. Bu, bəşəriyyət tarixində məlumat mərkəzlərində istifadə olunan güclü çiplərin orbitdə verdiyi ilk süni intellekt cavabı kimi tarixə düşüb.

Texniki Məhdudiyyətlər və Real Vəziyyət
Hələlik bu layihə böyük bir infrastruktura deyil, yalnız kiçik miqyaslı bir sınağa söykənir. Peykdə cəmi 4 ədəd TPU çipi və təxminən 1 kVt gücündə günəş panelləri var. Enerji azlığı səbəbindən eyni anda yalnız bir çip çalışır və sınaq seansı cəmi 20 dəqiqə davam edir. Müqayisə üçün qeyd edək ki, Yerdə tikilən 1 GVt-lıq standart süni intellekt mərkəzi bundan tam 1 milyon dəfə çox enerji sərf edir.
Layihə rəhbəri Travis Beals də bu texnologiyanın yaxın 5 il ərzində Yerdəki sistemlərdən daha ucuz olacağını gözləmir.

SpaceX-in 1 Milyon Peyk Xəyalı və İllərlə Gözləniləcək Gəlir
Kosmik yarışda əsas iddialılardan biri olan İlon Maskın "SpaceX" şirkəti isə investorlarına kosmik hesablamaların çox karlı olacağını və qoyulan investisiyanın 1 ildən az müddətdə geri qayıdacağını vəd edir. Şirkət orbitə 1 milyona qədər məlumat mərkəzi peyki çıxarmaq üçün artıq icazə müraciəti də edib.
Lakin "Google"un hesablamaları bu layihələrin iqtisadi modelini sual altına qoyur:
Əgər kosmosda tikinti xərcləri 100 dəfə artarsa və icarə qiymətləri sabit qalarsa, investorların yatırdığı pulun geri qayıtma müddəti 1 ildən 100 ilə qalxacaq.
Xərc 10 dəfə artarsa bile, bu müddət ən yaxşı halda 10 il çəkəcək.
Niyə Hamı Kosmosa Can Atır?
Yerdə məlumat mərkəzi tikmək böyük maneələrlə qarşılaşır. Təkcə ABŞ-də elektrik şəbəkəsinə qoşulma gecikmələri və tikinti icazələri səbəbindən 2026-cı ilin ilk rübündə ümumi dəyəri 130 milyard dollar olan 75 layihə dayandırılıb və ya ləngidilib. "Google", "Oracle" kimi nəhənglər yerli əhalinin etirazları və bürokratik engəllərlə üz-üzədirlər.
Lakin kosmosa çıxmaq da problemləri sıfırlamır. "SpaceX"in 1 milyon, "Blue Origin"in isə 51,600 peyklik proqramları kosmik tullantı riskləri və radiotezlik etirazları səbəbindən ABŞ Federal Rabitə Komissiyasının (FCC) uzun-uzadı araşdırmalarından keçməlidir.
Nəticə olaraq, kosmosda pulsuz günəş enerjisi və sonsuz məkan cəlbedici görünsə də, raketlərin buraxılış xərcləri, texniki xidmətin imkansızlığı və kosmik şərait gələcək illərdə Yeri yenə də ən sərfəli variant olaraq saxlayacaq.
Discover What's Next.
Fikrinizi bölüşün



